“Nargis” Fondunun təşkilatçılığı ilə Balaxanı qəsəbəsində iftar süfrələri qurulub
Bakı, 18 aprel, AZƏRTAC
Müqəddəs Ramazan ayı ilə əlaqədar olaraq “Nargis” Fondu tərəfindən Balaxanı qəsəbəsində iftar çadırları qurulub.
AZƏRTAC xəbər verir ki, aprelin 10-dan 14-dək davam edən iftar süfrələrində Balaxanı və ətraf qəsəbələrin sakinləri müxtəlif təamlardan dadıblar. Beş gün ərzində hər gün qonaqlara duru xörək, aş qara, dovğa, təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı, qoğal, badambura, çərəzlər, kətədən ibarət yüksəkkeyfiyyətli iftar menyusu təqdim edilib.
Fondun həyata keçirdiyi aksiya müddətində 1500 nəfərdən artıq sayda insan iftar süfrəsinin qonağı olub. Uzaq məsafədən gələn sakinlər üçün ödənişsiz taksi xidməti təşkil edilib. Əlavə olaraq iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar payı birbaşa yaşadığı ünvana göndərilib.
Qeyd edək ki, “Nargis” Fondu tərəfindən “İftar çadırları” layihəsi 2019-cu ildən etibarən Ramazan ayında keçirilir. Layihə çərçivəsində insanların rahatlığı üçün xüsusi hazırlanmış beş ədəd Şərq üslubunda çadırda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.
Builki “İftar çadırları” layihəsi “Alliance Group”, “PAŞA Bank”, “Coca-Cola”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və İsrailin Azərbaycandakı səfirliyinin sponsorluğu və Bakı Abadlıq Xidməti, Dövlət Reklam Agentliyi və “Yango”nun dəstəyi ilə həyata keçirilib.