Narkomaniyaya qarşı mübarizədə hamı səfərbər olmalıdır
Bakı, 25 iyun, AZƏRTAC
BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə xarakterli tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə gənclər iştirak edirdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayıb. O, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söyləyib və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd edib.
Dövlət Komissiyası Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, rayon polis idarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə, rayon ağsaqqallar şurasının sədri Akif Rəfiyev, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Orxan Rəhimov, videobloger Nail Kəmərli gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verərək narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar.