Narkomaniyaya qarşı mübarizədə pedaqoqun və fənn müəlliminin rolu barədə danışılıb
Bakı, 8 dekabr, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planının müvafiq bəndinin icra edilməsi məqsədilə Məktəb-Lisey Kompleksində Nərimanov və Nəsimi rayonlarının ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları və tibb işçilərinə narkomaniyanın zərərli təsirləri barədə təlim-məşğələ keçirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Təlim-məşğələdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Respublika Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər. Onlar narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, narkomaniyaya qarşı mübarizədə pedaqoqun və fənn müəlliminin, psixoloqların həmin problemə dair qabaqlayıcı tədbirlərin görülməsi və digər məsələlər barədə geniş məlumat veriblər və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanan narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələrə dair kitabça iştirakçılara təqdim edilib.