Narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb
Bakı, 5 aprel, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən uğurla həyata keçirilir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Xidmət əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Aprelin 3-də saat 22:45 radələrində “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən iki naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucuları ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxslərin İran vətəndaşı 1972-ci il təvəllüdlü Həmid Dərgahi Heydər oğlu və Azərbaycan vətəndaşı Xızı rayon sakini 1984-cü il təvəllüdlü Həsrətquliyev Elxan Eldar oğlu olması müəyyənləşdirilib, əllərindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 765 qram narkotik vasitəyə (865 qram “heroin”ə və 1900 qram “marixuana”ya) bənzər maddələr aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.