NASA canlı yayımla Beynəlxalq Kosmik Stansiyanın 25 illiyini qeyd edib
Bakı, 6 dekabr, AZƏRTAC
NASA dekabrın 6-da kosmosdan Yerlə birbaşa əlaqə yaradaraq insanlığın rifahı naminə mikroqravitasiya laboratoriyasında olan ekipajla canlı söhbət zamanı Beynəlxalq Kosmik Stansiya əməliyyatlarının 25-ci ildönümünü qeyd edib. “Expedition 70” kosmik missiyasının heyəti NASA-nın köməkçi administratoru Bob Kabana və kosmik stansiyanın proqram meneceri Coel Montalbano ilə stansiyanın vəziyyəti və perspektiv fəaliyyəti ətrafında müzakirələr aparıb.
AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, müzakirə, həmçinin NASA Televiziyası, NASA tətbiqi, yutub və agentliyin saytında canlı yayımlanıb.
1998-ci il dekabrın 6-da orbital forpostun ilk iki elementi - Unity və Zarya konstruksiyaları “Endeavour” kosmik gəmisinin STS-88 missiyasının ekipaj üzvləri tərəfindən birləşdirilib. Bob Kabana missiyanın komandiri və kosmik stansiyaya daxil olan ilk amerikalı olub.
Bu qlobal səy vasitəsilə astronavtlar 23 ildən artıqdır ki, kosmik stansiyada fasiləsiz olaraq yaşayıb işləyir, texnologiyaları sınaqdan keçirir, elmi tədqiqatlar aparır və Yerdən daha uzaqlarda kəşfiyyat üçün lazım olan bacarıqları inkişaf etdirirlər. Ötən 25 il ərzində 21 ölkədən 273 nəfər Beynəlxalq Kosmik Stansiyada olub.
Stansiyada 108 ölkədən və ərazidən 3300-dən çox tədqiqat və texnoloji araşdırma aparılıb. Bu tədqiqatların və texnoloji araşdırmaların bir çoxu Yerdəki insanlara fayda verir və Yer kürəsinin aşağı orbitində gələcək kommersiya istiqamətləri və Günəş sistemindən daha uzaqlarda kəşfiyyat üçün zəmin yaradır. “Artemida”nın Aya missiyaları ilə birlikdə, bu sınaq meydançaları gələcəkdə Marsa göndəriləcək pilotlu missiya hazırlamağa kömək edəcək.