Naxçıvan Dövlət Universitetində Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd olunub
Naxçıvan, 9 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, universitetin Elmi Kitabxanasında bu münasibətlə kitab sərgisi təşkil edilib. Ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, əlamətdar tarixi günlərlə bağlı bu cür sərgilərin keçirilməsi müəllim və tələbələrin tarixi günlərimizi yaddan çıxarmamaq və mütaliə yolu ilə elmi biliklərini zənginləşdirmək məqsədini daşıyır. Rektor Vətənə, dövlətimizin simvollarına hörmət və ehtiram nümayiş etdirməyi, gənclərin ən müqəddəs amalı, vəzifəsi hesab etdiyini bildirib. Şuşanın düşmən işğalından azad edilməsini tarixi hadisə olduğunu vurğulayan Elbrus İsayev qeyd edib ki, 28 il yarım ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğalı ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb. Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümidlərini, arzu və istəyini reallığa çevirdi.
Sonra İncəsənət fakültəsinin sərgi salonunda Dövlət Bayrağı Gününə həsr olunmuş plakat sərgisinə baxış olub. Sərgidə universitetin İncəsənət fakültəsinin Rəngkarlıq və Təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələrinin rəsm əsərləri nümayiş olunub. Tələbələrin çəkdikləri rəsmlərdə qələbəyə inam, şəhidlərin əziz xatirəsinə ehtiram hissləri əks olunub. Rektor gənc rəssamlara universitetin sertifikatını təqdim edib.
Qeyd edək ki, tələbələr rəsm əsərlərini bir neçə gün öncə Naxçıvan şəhərindəki Bayraq Meydanında açıq havada çəkiblər.
İncəsənət fakültəsinin akt zalında davam edən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də ilk dəfə Naxçıvanda ucaldılıb. Müasir Azərbaycanın qurucusunun təşəbbüsü və əvəzsiz səyləri ilə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasında ikinci dəfə təsdiq edilmiş üçrəngli Dövlət bayrağı rəsmi dövlət rəmzi olmaqla yanaşı, milli həmrəyliyin, azərbaycançılıq məfkurəsinin ətrafında bütün vətənpərvər soydaşlarımızın sıx birləşməsinin başlıca amillərindən birinə çevrilib.
Bildirilib ki, möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə Dövlət Bayrağı Gününün təsis edilməsi, dövlətimizin başçısının bilavasitə rəhbərliyi və iştirakı ilə paytaxt Bakıda və respublikanın bölgələrində Dövlət bayrağının vüqarla dalğalanması üçün yaradılmış möhtəşəm meydanlar, muzeylər və komplekslər qəlbi hər zaman Azərbaycanla döyünən vətəndaşların qürur, and və milli özünüdərk yeridir.
Rektor diqqətə çatdırıb ki, bu gün Azərbaycanın şanlı bayrağı işğaldan azad edilmiş ərazilərimizdə qürurla dalğalanır. Bu da hər bir Azərbaycan vətəndaşının fəxr və qürur mənbəyinə çevrilir.
Tədbirin bədii hissəsində tələbələr qələbəyə inam, döyüş əhval-ruhiyyəli şeirləri bədii qiraət ediblər, əsgərlərimizə məktublar oxunub, mübariz əhval-ruhiyyəli mahnılar səsləndirilib.