NAXÇIVAN ENERGETİKLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD ETDİLƏR
Əlamətdar gün münasibətilə muxtar respublika Dövlət Energetika Agentliyində keçirilən mərasimin iştirakçıları əvvəlcə Əcəmi seyrəngahına gələrək ümummilli liderimiz Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə tər gül dəstələri düzmüş, dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə agentliyin baş direktoru, Azərbaycan Respublikasının əməkdar mühəndisi Yasin Səfərov bölgədə energetika sisteminə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirmiş, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, energetiklərin səmərəli fəaliyyəti, regionda enerjiyə tələbatın ödənilməsi məqsədi ilə həyata keçirilən tədbirlərdən danışmışdır.
Natiq qeyd etmişdir ki, hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın yerli imkanlar hesabına ödənilməsi istiqamətində mühüm layihələr həyata keçirilir, o cümlədən yeni elektrik stansiyaları tikilir, yüksək gərginlikli elektrik xətləri çəkilir, yarımstansiyalar yaradılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov energetiklərə Ali Məclisin sədri Vasif Talıbovun təbrikini oxumuş, energetika sahəsində çalışan hər bir işçinin pul mükafatına layiq görüldüyünü diqqətə çatdırmışdır.
Sonra energetiklərin bir qrupuna uzunmüddətli və səmərəli fəaliyyətinə görə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunmuşdur.