Naxçıvan Qarnizonunda davam edən komanda-qərargah hərb oyunlarında praktiki atışlar icra olunub VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Komanda-qərargah hərb oyunlarının ssenarisinə əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq, şərti düşmənin hücumunu dəf edərək onu öz mövqelərinə geri çəkilməyə məcbur edib. Bölmələrimiz, həmçinin yüksək fəallıqla vacib yüksəklik və hüdudları ələ keçirib, həmin mövqelərdə möhkəmlənib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gecə və gündüz şəraitində artilleriya bölmələri hücumu praktiki atəşlə dəstəkləyib, mühəndis-istehkam bölmələri qrupların maneəsiz hərəkətini təmin edib.
Bölmələrin fəaliyyəti Ordu aviasiyası və hava hücumundan müdafiə bölmələri tərəfindən havadan dəstəklənib, taktiki desantın təyin olunmuş rayonlara çıxarılması həyata keçirilib.
Təlim zamanı döyüşün hərtərəfli təminatı üzrə təmir və təxliyə tapşırıqları yerinə yetirilib.