Naxçıvanda 608 çeşiddə ərzaq, 925 çeşiddə qeyri-ərzaq məhsulları istehsal olunur
Naxçıvan, 16 aprel, AZƏRTAC
Otuz ildir ki, blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaqla təminatı, əsasən, yerli məhsullar, daxili bazar hesabına ödənilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikada 127 növdə 608 çeşiddə ərzaq, 257 növdə 925 çeşiddə qeyri-ərzaq məhsullarının istehsalı üçün əlverişli şərait yaradılıb.
Muxtar respublikada kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi baxımından sənaye məhəllələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə atılan mühüm addımlardan biri muxtar respublikanın ən böyük rayonlarından olan Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılmasıdır. Bu da gələcəkdə həmin rayonda innovativ və yüksək texnologiyalar əsasında müasir sənayenin inkişafına təkan verəcək, özəl sektorun davamlı inkişafını təmin edəcək və əhalinin istehsal sahəsində məşğulluğunun artmasına imkan yaradacaq.
Muxtar respublikada qeyri-ənənəvi sənaye sahələri ilə yanaşı, ənənəvi sənaye sahələrinin inkişafına da böyük diqqət göstərilir. Bu məqsədlə Naxçıvan şəhərində xalça istehsalı müəssisəsinin qurulması, həmçinin yaradılması davam etdirilən Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsi özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatını ödəməklə idxaldan asılılığı aradan qaldıracaq. Muxtar respublikanın sosial-iqtisadi strategiyasının əsasını təşkil edən sənayenin inkişaf dinamikası diyarımızın tərəqqisinə bundan sonra da öz töhfəsini verəcək.