Naxçıvanda çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınırlar
Naxçıvan, 15 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin iyunun 17-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.
Muxtar respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə əvvəlcə bu günlərdə ildönümünü qürurla andığımız Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəmiz barədə danışılıb. Tarixi qələbəni bizə yaşadan qəhrəmanlarımızın hərbi xidmət yolu Vətən borcunu yerinə yetirməyə hazırlaşan gənc əsgərlərə nümunə göstərilib. Onlara hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olmaq, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnmək, əcdadlarının keçdiyi şərəfli yolu qətiyyətlə və qürurla davam etdirmək tövsiyə olunub.
Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müəyyən edilmiş qrafik əsasında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçılar xidmət yerlərinə yola salınıblar.
Gənc əsgərlər müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilərək 3 ay müddətində orada təlimlər keçəcək, hərbi sirləri öyrəndikdən sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsi və nəzərdə tutulmuş xidmət müddətini keçərək ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyatda olan hərbi vəzifəlilərin qeydiyyatına alınması prosesi iyulun 30-dək davam edəcək.