Naxçıvanda Mühasiblər Forumu keçirilib
Naxçıvan, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər İctimai Birliyi və Bakı Hesabat Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Rəqəmsal dövrdə mühasibatlıq: Yeni tələblər və çağırışlar" mövzusunda Mühasiblər Forumu keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olublar.
Sonra forum çərçivəsində Bakıdan dəvət olunmuş qonaqların Duzdağ Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil edilib.
Naxçıvan Biznes Mərkəzində baş tutan forumun rəsmi hissəsinin açılışında əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Forumu açıq elan edən Naxçıvan Muxtar Respublikası maliyyə naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov bildirib ki, forumun məqsədi uçot və vergi siyasətinin rəqəmsal iqtisadiyyatda baş verən dəyişikliklərin tempinə və inkişafda olan iqtisadi mühitə uyğunlaşdırılması sahəsində aparılan islahatların həyata keçirilməsinə dəstək göstərilməsi, mühasiblər arasında ünsiyyət və ruh yüksəkliyi yaratmaqla, onlarda öz peşələrinə maraq oyadılması, yeni biliklərin qazanılmasından ibarətdir.
Nazir müavini mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması və vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq, maarifləndirmə və məlumatlandırma işinin aparılmasının iqtisadiyyatda şəffaflığın təmin edilməsinə və könüllü vergiödəmə səviyyəsinin artırılmasına müsbət təsir göstərəcəyini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifələrinin müvəqqəti icraçısı Nihad Mehbalıyev və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Mirəli Kazımovun çıxışları dinlənilib.
Ümummilli Lider Heydər Əliyevin maliyyə, uçot və vergi sisteminin yeni dövrün tələblərinə uyğun qurulmasındakı əvəzsiz xidmətlərindən danışan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova qeyd edib ki, forumun keçirilməsindəki əsas məqsədlərdən biri də Ulu Öndərin ölkəmizin iqtisadi inkişaf strategiyası istiqamətində gördüyü əvəzolunmaz işlərinin nəticələrini təqdim etməkdir.
Çıxışlardan sonra Ulu Öndərə həsr olunmuş videoçarx izlənilib.
Forum çərçivəsində spikerin iştirakı ilə “Rəqəmsal iqtisadiyyatda uçot və hesabatlılıq, yeni tələblər” və “Vergi sistemi və inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər, qarşıya çıxan çətinliklər” adlı iki panel üzrə “Dövlət və özəl sektorda mühasib peşəsinə qoyulan tələblər”, “Rəqəmsal dövrün mühasibat uçotuna təsiri və regionlarda uçotun inkişaf məsələləri”, “Rəqəmsal mühasibatlıqda ERP sistemlərinin əhəmiyyəti”, “Büdcə və büdcədən maliyyələşən təşkilatlarda ERP sistemlərinin tətbiqi, inkişafı və gələcək hədəflər”, “Sahibkarlıq subyektlərində uçot və biznes təhlükəsizliyi: məsuliyyətlər və vəzifələr”, “Vergi uçotu və inzibatçılığında yeni çağırışlar”, “Biznes subyektlərində yeni çağırışlar müstəvisində vergi işinin təşkili”, “Vergi Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklər, onların vergi uçotu və hesablarına təsirləri” mövzularında çıxışlar dinlənilib.
Sonda panel müzakirələri aparılıb, forum iştirakçılarına sertifikatlar təqdim edilib.