Nayrobidə İqlim və Təmiz Hava Konfransı keçiriləcək
Bakı, 20 fevral, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Assambleyasının VI sessiyası (UNEA-6) çərçivəsində fevralın 21-23-də Keniyanın paytaxtı Nayrobidə İqlim və Təmiz Hava Koalisiyasının (CCAC) illik konfransı keçiriləcək.
İqlim və Təmiz Hava Konfransı 2024-cü ildə ən son elmi nailiyyətləri və iqlim siyasətini müzakirə etmək, qabaqcıl təcrübələri bölüşmək, kənd təsərrüfatı, tullantılar, qazıntı yanacaqları, məişət enerjisi, ağır yük maşınları, mühərriklərin karbon emissiyası ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə təşkil edilir.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, növbəti beş il ərzində bəşəriyyət iqlim böhranını yavaşlatmaq, havanın çirklənməsini azaltmaq və ən həssas təbəqələri təhdid edən yoxsulluq və bərabərsizliyi aradan qaldırmaq üçün əhəmiyyətli irəliləyiş əldə etməlidir. Hazırda dünya ekoloji məhdudiyyətlərə qarşı irəliləyir, insan fəaliyyəti ictimai sağlamlığı, ərzaq təhlükəsizliyini, dolanışıq vasitələrini təmin edən ekosistemlər üçün təhdid olan çoxsaylı böhranlara səbəb olur.
CCAC iqlim siyasəti ilə əlaqəli elmi təhlillərə və praqmatizmə əsaslanaraq, ədalətli və inklüziv fəaliyyətə üstünlük verir, tərəfdaşları ilə birlikdə müvafiq milli məqsədlərə nail olmaq üçün yeni layihələr həyata keçirir, liderləri və iqlim sahəsinə cavabdeh olan nazirləri bir araya gətirir.
Tədbirdə keçən il Banqkokda keçirilmiş İqlim və Təmiz Hava Konfransında 2023-cü il üçün qarşıya qoyulmuş vəzifələrin icrası vəziyyəti də müzakirə olunacaq.