İQTİSADİYYAT
Nazir müavini: Kənd təsərrüfatı ixtisasları üzrə ali təhsil alanların sayı 2,8 dəfə artıb
Bakı, 31 yanvar, AZƏRTAC
Son illərdə aqrar ixtisaslar üzrə ali təhsil göstəriciləri xeyli yüksəlib. Belə ki, ali məktəblərdə kənd təsərrüfatı ixtisasları üzrə təhsil alanların sayı son 10 ildə 2,8 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Aqrar məsləhət xidmətləri üzrə milli forumda kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov deyib.
O qeyd edib ki, ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübə yaranıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutları tərəfindən təcrübə xarakterli, özəl şirkətlər tərəfindən isə kommersiya məqsədilə “ağıllı istixana” və “ağıllı bağ”lar qurulub, torpaq və su sensorları, “ağıllı” suvarma sistemləri, aqrodronlar, aqrorobotlar, “dəqiq” əkin texnologiyaları tətbiq olunub.
Aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin və şəffaflığının artırılması, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədi ilə institusional islahatlar həyata keçirilib.
Sarvan Cəfərov, həmçinin bildirib ki, aqrar sahənin elektronlaşması istiqamətində mühüm addımlar da atılıb. Artıq ölkədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinə başlanılıb, 2020-ci ildən başlayaraq bitkiçilik və heyvandarlıq sahəsində fermerlərə subsidiyaların alternativsiz olaraq yalnız EKTİS vasitəsilə verilməsi təmin olunub.
“Aqrar sığorta sahəsində də kompleks islahatlar həyata keçirilib. 2020-ci ildən etibarən həm bitkiçilik, həm də heyvandarlıq sahəsində yeni aqrar sığorta mexanizmi uğurla tətbiq edilir”, - deyə o əlavə edib.