İQTİSADİYYAT
Nazir müavini: Yeni Nəsil İqtisadiyyat Strategiyasının tətbiqi üçün kibertəhlükəsizlik sahəsində kadrlar hazırlanmalıdır

Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanın kibertəhlükəsizlik sahəsində qarşıda qoyulan məqsədlərə nail olması üçün lazımi normativ-hüquqi baza hazırlanıb.
Hazırlanan Yeni Nəsil İqtisadiyyat Strategiyasına “Big data”, süni intellekt, “Əşyaların interneti”, rəqəmsal marketinq, dron texnologiyalarının tətbiqi və rəqəmsal iqtisadiyyatın inkişafı üçün digər zəruri hesab edilən istiqamətlər daxil edilib. Bunların uğurlu və dayanıqlı tətbiqi üçün kibertəhlükəsizlik baxımından kadr potensialının hazırlanması da zəruridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (ICSD 2023) iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
S.Məmmədov vurğulayıb ki, Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, bu sahə üzrə inkişafın təmin edilməsi üçün görüləcək işlərin səmərəli koordinasiyasının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi qrup yaradılıb.
S.Məmmədov bildirib ki, layihə sənədi İşçi qrupun üzvlərinə, İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumlar da daxil olmaqla 17 təşkilata təqdim olunub.
Nazir müavini əlavə edib ki, hazırda Şərqi Zəngəzurda, Qarabağda geniş yenidənqurma işləri həyata keçirilir: "Məqsəd işğaldan azad olunan ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasıdır. Bu baxımdan rəqəmsallaşma tədbirləri də ön plana çıxır. Rəqəmsal iqtisadiyyatın tətbiqi üçün kibertəhlükəsizliyin təminatı çox vacibdir", - deyə nazir müavini əlavə edib.