NAZİRLƏR KABİNETİNİN İCLASINDA İRƏLİ SÜRÜLƏN VƏZİFƏLƏR “AZƏRSU” SƏHMDAR CƏMİYYƏTİNDƏ MÜZAKİRƏ OLUNMUŞDUR
Cəmiyyətin prezidenti Nizaməddin Rzayev çıxışında dövlətimizin başçısının giriş və yekun nitqlərində irəli sürülən proqram vəzifələri xatırlatmış, ölkəmizin iqtisadi qüdrəti artdıqca əhalinin rifah halının da yüksəldiyini vurğulamışdır. O, müşavirə iştirakçıları adından kommunal sahəyə, o cümlədən su sektoruna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir.
Natiq söyləmişdir ki, su təchizatı sistemlərini yaxşılaşdırmaq məqsədi ilə dövlət büdcəsindən ayrılan vəsait ilbəil artır. Lakin istifadə olunmuş su haqqının ödənilməsində problemlər hələ də mövcuddur.
N. Rzayev tələbkarlığı gücləndirmək, su haqqının yığım səviyyəsini yüksəltmək və büdcəyə ödənişləri tam şəkildə təmin etmək, cari ilin sonunadək nəzərdə tutulan miqdarda su sayğacları quraşdırmaq barədə müvafiq idarə və təşkilatlara konkret göstəriş vermişdir.
İşin təşkili və gedişinə nəzarət məqsədi ilə cəmiyyət üzrə müvafiq komissiya yaradılmış, hər bir rayona qurumun məsul nümayəndələri təhkim olunmuşdur.
Müşavirədə çıxış edənlər qarşıda duran problemlərin həlli üçün bütün imkanlardan səmərəli istifadə olunacağını bildirmişlər.