NAZİRLƏR KABİNETİNİN YENİ QƏRARI SƏNƏT ADAMLARININ VƏ YARADICI KOLLEKTİVLƏRİNİN RİFAHINI YAXŞILAŞDIRMAĞA İMKAN VERƏCƏKDİR
Nazirlər Kabinetinin bu qərarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı sosial siyasətin çərçivəsində bütün yaradıcı sahələri əhatə etməklə bu sahədə çalışan hər bir insanın zəhmətini layiqincə qiymətləndirməyə, onların sosial durumunu yaxşılaşdırmağa yönəldilmişdir.
Təbii ki, sifariş olunan və ya alınacaq əsərlər bədii-estetik cəhətdən yüksək dəyərə malik olmalı, Azərbaycan xalqının milli-mədəni xəzinəsinin zənginləşməsinə xidmət etməli, mövzu aktuallığına və orijinal üslubuna görə, xalqımızın mədəniyyət salnaməsində silinməz izlər qoymalıdır. Sözügedən qərar əsasında alınacaq əsərlər göstərilən şərtlərə, yüksək istedadlılıq meyarlarına cavab verməlidir.
Bu əsərlərin müvafiq şərtlərə uyğun olmasını Mədəniyyət və Turizm Nazirliyinin əsasnaməsi təsdiq edildikdən sonra nazirliyin kollegiyası yanında ictimai əsaslarla fəaliyyət göstərəcək xüsusi ekspert şurası təyin edəcəkdir. Şuranın tərkibinə müxtəlif yaradıcılıq ittifaqlarının görkəmli nümayəndələri, nüfuzlu, peşəkar mütəxəssislər daxil ediləcək, onların qəbul etdiyi qərarlar barədə geniş ictimaiyyətə mütəmadi məlumat veriləcəkdir.