Nəriman Nərimanovun xatirə muzeyində Xocalı soyqırımına həsr olunan tədbir keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Nəriman Nərimanovun xatirə muzeyində 26 fevral - Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı “Unudulmaz fəryadın çiçəklənən baharı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Ləman Hüseynova çıxış edərək, Xocalı hadisələri haqqında qısa məlumat verib. Bildirib ki, bu soyqırımı nəticəsində Xocalıda 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb. Təəssüf ki, 150 nəfərin taleyi hələ də məlum deyil.
Muzeyin bələdçisi Vəsilə Salmanova Xocalı soyqırımına dair tarixi fakt və məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, Ümummilli Liderin 1997-ci il fevralın 25-də imzaladığı Sərəncama əsasən, hər il fevralın 26-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin əməkdaşı Səidə Orucova isə Xocalıya həsr etdiyi şeirini səsləndirib.
İşgəncələrə qarşı Azərbaycan Komitəsində hüquq şöbəsinin rəisi, Birinci Qarabağ müharibəsi qazisi, II qrup müharibə əlili Rövşən Məmmədov gəncləri Xocalı soyqırımının dünyaya çatdırılması, günahkarların cəzalandırılması və bir daha belə faciələrin baş verməməsi üçün dövlətimiz tərəfindən görülən işlərə dəstək olmağa çağırıb.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əlif Hacıyevin bacısı Şükufə xanım qardaşının qəhrəmanlığından danışıb.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix üzrə elmlər doktoru, professor Həvva Məmmədova erməni təcavüzü ilə bağlı həqiqətlərin dünyada yayılması istiqamətində dövlətimizin beynəlxalq təşkilatlarla apardığı işlər haqqında məlumat verib, “Xocalı” mövzusunda təqdimatla çıxış edib.