Nərimanov rayonunda avtomobil oğurlayan şəxslər saxlanılıblar VİDEO
Bakı, 17 iyun, AZƏRTAC
Nərimanov rayonunda yaşayan paytaxt sakini Eldəniz Təhməzova məxsus “VAZ 2106” markalı avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci şöbəsinə şikayət edərək nəqliyyat vasitəsini oğurlayan şəxslərin saxlanılmasını xahiş edib.
Rayon polis idarəsinin cinayət axtarış şöbəsi və 17-ci polis şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Balaxanı qəsəbəsi sakinləri Elgün Heydərov və Məmmədbağır Qasımov saxlanılaraq istintaqa cəlb olunublar.
Araşdırma zamanı müəyyənləşdirilib ki, onların məqsədi avtomobili qaçırandan sonra sökərək hissələrə ayırıb satmaq olub. Oğurlanan nəqliyyat vasitəsi Elgün Heydərovun yaşadığı evin həyətindən aşkarlanaraq götürülüb.
Faktla bağlı 17-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Elgün Heydərov və Məmmədbağır Qasımovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya rayon polis idarəsinin 17-ci polis şöbəsinə müraciət edə bilərlər.