Nərimanov rayonunda Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma tədbiri keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də Nərimanov Rayon İcra Hakimiyyətində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova ermənilərin tarixən Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışmış, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini bildirmişdir.
1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyi, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən daha geniş xəbər tutmağa başladığı vurğulanmışdır. XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, erməni işğalçılığının geniş vüsət alması və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırımı aktları tarixi faktlarla mərasim iştirakçılarının diqqətinə çatdırılmışdır.
Qeyd edilmişdir ki, 1890-cı ildə “Daşnaksütyun” partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər “yazıq millət” pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ən qanlı hadisələrə, terrora, qırğınlara imza atmışlar. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə mərhələlərlə davam etmişdir.
Tədbirdə digər çıxış edənlər də Azərbaycan dövlətinin xalqımızın üzləşdiyi soyqırımı siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası üçün bütün dünyada fəal iş apardığını bildirmişlər. Bu mənada qarşıda duran əsas vəzifələrin xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ibarət olduğu qeyd edilmişdir. Tezliklə dünya birliyinin ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu qənaətini qəbul edəcəyinə və Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcəyinə əminlik ifadə olunmuşdur.