ORDU
Nərimanov rayonunda hərbi xidmətdən yeni tərxis olunmuş gənclərlə görüş
AZƏRTAC xəbər verir ki, oktyabrın 14-də Nərimanov rayonunda hərbi xidmətdən yeni tərxis olunmuş gənclərlə görüş keçirilib. Tədbir rayon icra hakimiyyətinin, gənclər və idman, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarələrinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək hərbi xidməti şərəflə başa vurmaları münasibətilə gənclərə təbriklərini çatdırıb. O, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətini vurğulayıb. A.Fərzəliyev əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirildiyini bildirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin rəisi Qəşəm Mahmudov, rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Milli Məclisin deputatı Adil Əliyev ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı düşməndən azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduğunu bildiriblər. Qeyd olunub ki, güclü maddi-texniki bazaya malik Azərbaycan Silahlı Qüvvələri regionda ən qüdrətli, yüksək hərbi hazırlıqlı peşəkar ordudur və istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Ordudan tərxis olunmuş gənclər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını çatdırıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə hər an hazır olduqlarını bildiriblər.
Sonda gənclərə hədiyyələr təqdim edilib.