Niderlandlı sahibkarlar Ələt Azad İqtisadi Zonasına maraq göstərirlər
Haaqa, 5 aprel, AZƏRTAC
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Niderlandın 100 min kiçik və orta sahibkarını birləşdirən ONL sahibkarlar təşkilatının sədri Hans Biesheuvel ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayevin də iştirak etdiyi görüşdə ONL sədrinə Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası haqqında ətraflı məlumat verilib, orada xarici investorlara yaradılan imkanlardan söz açılıb. İnvestorlar üçün sadələşdirilmiş maliyyə qaydalarına toxunan V.Ələsgərov bildirib ki, Ələt Azad İqtisadi Zonasında əsas məqsəd rəqabətli yüksək əlavə dəyərin ixracyönümlü istehsal müəssisələrinin yaradılması və inkişafıdır.
Niderland Sahibkarlar Təşkilatının sədri Ələt Azad İqtisadi Zonası ilə bağlı maraqlandıqlarını bildirib.
Tərəflər Ələt Azad İqtisadi Zonasından niderlandlı sahibkarların bəhrələnməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşün nəticəsi olaraq aprelin 5-də niderlandlı iş adamları ilə konfrans işə başlayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr həyata keçirilib. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa