NİNO BURCANADZE: GÜRCÜSTANLA AZƏRBAYCAN ARASINDA DÖVLƏT SƏVİYYƏSİNDƏ HƏLL EDİLMƏLİ PROBLEMLƏR YOXDUR
Gürcüstan ictimaiyyəti və mətbuatı ölkə parlamentinin sədri Nino Burcanadzenin Azərbaycana rəsmi səfərinin yekunlarını rəğbətlə qarşılamışdır. Ölkənin bir sıra tanınmış siyasi xadimlərinin və politoloqlarının kütləvi informasiya vasitələrindəki çıxışları buna sübutdur.
Bəs xanım Burcanadzenin özü səfəri necə qiymətləndirir? AZƏRTAC-ın müxbiri parlament sədrindən bu barədə fikirlərini açıqlamağı xahiş etmişdir.
Səfərin gözlənildiyindən də uğurlu keçdiyini və onun istər gedişini, istərsə də yekunlarını yüksək qiymətləndirən Nino Burcanadze dedi ki, burada təəccüblü heç nə yoxdur, çünki ölkələrimiz də, xalqlarımız da əzəldən qonşudur və onları həyatın bütün sahələrində qırılmaz, səmimi dostluq telləri bağlayır. Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, xarici işlər naziri Vilayət Quliyev, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşlərindən söhbət açan Gürcüstan parlamentinin sədri Azərbaycan Prezidenti Heydər Əliyev ilə nəzərdə tutulduğundan artıq çəkmiş görüşünü xüsusi vurğuladı: “Mən həmişə dərin hörmət bəslədiyim dünya şöhrətli şəxsiyyət, zəmanəmizin ən görkəmli siyasi xadimlərindən biri olan Heydər Əliyev ilə görüşümdən son dərəcə məmnun qaldım. Həqiqətən, cənab Əliyevdən çox şey öyrənmək olar, Azərbaycan xalqının onunla fəxr etməyə tam haqqı var”.
Bəzi bədxahların şişirdib problem kimi qələmə verdikləri məsələlərə gəldikdə, xanım Burcanadze qətiyyətlə bildirdi ki, Gürcüstanla Azərbaycan arasında dövlət səviyyəsində həll edilməli problem yoxdur. Doğrudur, bir sıra məsələlər var ki, onları elə yerli səviyyədə, yəni bizim “sakrebulo” adlandırdığımız kənd və rayon məclisləri səviyyəsində asanlıqla həll etmək mümkündür.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi