Nitq inkişafında müasir təhlükə - ekran asılılığı və ailədə ünsiyyətin az olması
Bakı, 5 fevral, AZƏRTAC
Uşaqlarda nitqin inkişafı onların sosial, emosional və koqnitiv inkişafının əsas göstəricilərindən biridir.
Bu fikri AZƏRTAC-a açıqlamasında defektoloq-loqoped Nazilə Rəşid bildirib.
Son illər uşaqlarda nitq geriliyinin artmasına səbəb olan sosial və psixoloji amillər barədə danışan Nazilə Rəşid qeyd edib ki, uşağın həyatının ilk ili gələcək nitq inkişafı üçün mühüm hazırlıq dövrüdür: "Nitq inkişafının normal getməsi üçün uşaq ailədə düzgün nitq mühiti ilə əhatə olunmalıdır. Bu mərhələdə uşaq həm ətrafdakıların artikulyasiyasına (səslərin tələffüz formasına) diqqət yetirir, həm də fonematik eşitmə qabiliyyətini inkişaf etdirərək gələcək nitqinin əsasını qoyur".
Nazilə Rəşidin sözlərinə görə, nitq formalaşması psixoloji, bioloji və sosial amillərin qarşılıqlı təsiri ilə baş verir. Bu səbəblər arasında hamiləlik dövründə bətndaxili patologiyalar, asfiksiya (oksigen çatışmazlığı), erkən dövrdə keçirilən somatik xəstəliklər və genetik meyillilik mühüm yer tutur. Lakin loqoped müasir dövrün gətirdiyi yeni təhlükələrə də diqqət çəkib: “Təəssüf olsun ki, son illərdə müşahidə olunan nitq geriliyinin səbəblərindən biri də müasir həyat tərzinin bu prosesə təsir etməsidir. Belə ki, uşaqlarda çox erkən yaşlarda ekran (mobil telefon, planşet və s.) asılılığının yaranması, bir çox valideynlərin gündəlik həyatının sıx olması səbəbindən övladları ilə kifayət qədər vaxt keçirə bilməməsi, yəni valideyn-uşaq ünsiyyətinin az olması nəticədə nitq geriliyinə, yaddaş zəifliyinə gətirib çıxarır”. Onun sözlərinə görə, belə uşaqlar öz yaşıdlarından geri qalır, onların bağça və məktəb həyatında sosiallaşmasında və uyğunlaşmasında problemlər yaşanır.
"Lakin ümidsizliyə qapılmaq olmaz" – deyən Nazilə Rəşid əlavə edib: "Erkən müdaxilə, ailənin vaxtında göstərdiyi düzgün dəstək və uşağın yaşına uyğun ünsiyyət mühitinin yaradılması ilə nitq inkişafındakı geriliyin qarşısını almaq mümkündür".