Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Cenevrədə ali səviyyəli toplantı keçirib
Bakı, 15 yanvar, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlığı çərçivəsində 27-ci Ali Səviyyəli Toplantısını keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Cenevrədə “Çoxtərəfliliyin gələcəyi: Gələcəyin beynəlxalq əməkdaşlıq üçün yeni qlobal nizama ehtiyac” mövzusunda keçirilmiş toplantıda sağlamlıq, sülh və təhlükəsizlik, süni intellekt, multilateralizm və bir çox digər məsələlər müzakirə olunub.
Dünyanın 30-dan çox ölkəsindən 20 sabiq dövlət və hökumət başçısının, 70-dən çox digər ali səviyyəli qonağın qatıldığı tədbirin açılışında Mərkəzin həmsədrləri xanım Vayra Vike-Frayberqa, İsmayıl Serageldin, BMT-nin Cenevrə ofisinin baş direktoru xanım Tatyana Valovaya, Finlandiyanın sabiq Prezidenti Tarya Halonen və Serbiyanın sabiq Prezidenti Boris Tadiç çıxış ediblər.
Tədbir çərçivəsində, həmçinin XI Qlobal Bakı Forumuna və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı müzakirələr keçirilib.