Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike Freyberqanın yubileyi qeyd olunub
Riqa, 4 dekabr, AZƏRTAC
Riqa Latış Cəmiyyəti Evində Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike Freyberqanın 80 illik yubileyi münasibətilə mərasim təşkil olunub.
Latviyanın dövlət xadimini təbrik etməyə gələnlər arasında Seymin spikeri İnara Murniyetse, ölkənin görkəmli ictimai-siyasi xadimləri, diplomatlar vardı.
Ölkəmizi tədbirdə Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyinin nümayəndələri Rövşən Muradov və Rza Əliyev təmsil ediblər.
Səfir C.Axundov Latviya milli dövlətçiliyinin bu yaxınlarda qeyd olunacaq 100 illik yubileyi ərəfəsində Vayra Vike Freyberqanı əlamətdar tarix münasibətilə təbrik edib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin yubilyara ünvanlandığı təbrik məktubunu oxuyub.
Azərbaycanın dövlət başçısı təbrik məktubunda ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin dərinləşməsində və inkişafında V.V.Freyberqanın və ümummilli lider Heydər Əliyevin mühüm rolunu vurğulayıb. V.V.Freyberqanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri vəzifəsində çalışdığı dövrdə Mərkəzin nüfuzlu ictimai təşkilata çevrilməsində, dünyanın müxtəlif ölkələrinin siyasi elitası və beynəlxalq strukturları ilə əlaqələrin gücləndirilmsində də danılmaz rolu qeyd olunub.
Prezident İlham Əliyev yubilyara möhkəm cansağlığı, uğurlar, Latviya dövlətinə sülh və firavanlıq arzulayıb.
Mərasimdə, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - Makedoniya Prezidenti George İvanov, Monteneqro Prezidenti Filipp Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç, Maltanın Baş naziri Cozef Muskatın təbrikləri oxunub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa