Nizami rayonunda qanvermə aksiyası keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyətinin və Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Aksiyada Rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının, idarə, müəssisə və təşkilatların, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya hemofiliyalı və talassemiyalı xəstələrə, eləcə də qana ehtiyacı olanlara kömək etmək məqsədilə keçirilib.
Xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Humanitar aksiyada 81 nəfər könüllü qan verib.
Qeyd edək ki, aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.