Nizami rayonunda Vətən müharibəsi şəhidi Mahir Dadaşzadə adına küçə verilib
Bakı, 28 avqust, AZƏRTAC
Nizami rayonunda Vətən müharibəsi şəhidi Mahir Qərib oğlu Dadaşzadənin adını daşıyan küçənin açılış mərasimi olub.
Qeyd edək ki, Qara Qarayev prospekti ilə Məhsəti Gəncəvi küçəsini birləşdirən adsız küçə Mahir Dadaşzadə küçəsi adlandırılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı möhtəşəm Qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsgər və zabitlərin göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs olunub, şəhidlərin unudulmadığını, onların ailələrinə diqqət və qayğı göstərildiyi bildirilib.
Mərasimdə çıxış edən şəhidin ailə üzvləri və yoldaşları onun qəhrəmanlıq və vətənpərvərliyindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Xatırladaq ki, Azərbaycan Ordusunun baş leytenantı Mahir Dadaşzadə 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci il iyulunda Tovuz döyüşlərində və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Vətən müharibəsində 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb. 2020-ci il oktyabrın 26-da Füzulinin azad edilməsi uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.