“Nizami “Xəmsə”sində və Azərbaycan mədəni gerçəkliyində musiqi alətlərimiz” - elmi-bədii sessiya
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Nizami “Xəmsə”sində və Azərbaycan mədəni gerçəkliyində musiqi alətlərimiz” mövzusunda elmi-bədii sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru akademik Rafael Hüseynov dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığında musiqi, muğam, çalğı alətləri və ifaçıların ustalığına dair fikirlərin şairin yaşadığı dövrün musiqi mədəniyyətinin öyrənilməsi üçün qiymətli mənbə olduğunu söyləyib.
Daha sonra alim musiqili tədbirin yeniliyi olan muğni, burmalı boru (gavdum), kos, əlvah, balakən damburu, kələnay (mehtər düdüyü) kimi qədim milli musiqi alətlərinin klassik ədəbiyyat nümunələrində də müxtəlif mənalar kəsb edərək işləndiyini vurğulayıb. Bildirilib ki, “Kitabi–Dədə Qorqud” dastanları, Nizami Gəncəvinin “Xəmsə”si, Xaqani Şirvaninin “Divan”ı, “Töhfətül-İraqeyn”i, Zülfüqar Şirvaninin, Qətran Təbrizinin qəsidələri, Füzuli qəzəlləri yalnız oxuyub zövq almaq üçün deyil, Azərbaycanın qədim musiqiçilik ənənələrini, muğamını, musiqi alətlərinin səs və növlərini araşdırıb üzə çıxarmaq baxımından əvəzsiz qaynaqlardır.
Rafael Hüseynov qədim musiqi alətlərinin tarixini, növlərini araşdıran musiqi nəzəriyyəçisi, professor Abbasqulu Nəcəfzadənin bu sahədəki əməyindən bəhs edərək onun musiqi tariximizdəki xüsusi yerini vurğulayıb. Akademik qeyd edib ki, müəyyən bir musiqi alətinin xalqın musiqi sənətində tarixən mövcudluğunu sübut etmək üçün onun qədim dövrlərdən sənətdəki izini müəyyən edib müasir dövrə necə gəlib çatdığını öyrənmək lazımdır. Professor Abbasqulu Nəcəfzadə məhz bu missiyanı yerinə yetirərək dahi Nizami Gəncəvinin məsnəvilərində adıçəkilən qədim musiqi alətlərini yalnız araşdırmayıb, onları müasir musiqi alətləri ailəsinə real olaraq daxil edə bilib. Alimin qeyd etdiyinə görə Abbasqulu Nəcəfzadə muğni, kos, kəlanay, əlvah və digər qədim musiqi alətlərinin səs, ahəng, ritm spesifikasını dərindən öyrənib təyin edərək onları mahir usta əllərinin köməyilə müasir sənət xəzinəsinə bəxş edib.
Elmi-bədii sessiyanın fəxri qonaqları qismində sənətşünaslıq elmləri doktoru, professor, musiqi nəzəriyyəçisi Abbasqulu Nəcəfzadə, Naxçıvan Dövlət Universitetinin nəzdində “Musiqi alətləri” emalatxanasının müdiri, Naxçıvan Musiqi Kollecinin müəllimi, erqoloq-araşdırmaçı, Səfiəddin Urməvinin icadı olan muğni alətinin bərpaçısı və ifaçısı İxtiyar Seyidov, Xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqov və bəhs edilən qədim musiqi alətlərinin ifaçıları Toğrul İsgəndərov, Elxan Ərəboğlu, Rameş Paşayev, Həsən Hüseynov kimi sənətçilər iştirak ediblər.
Abbasqulu Nəcəfzadə çıxışında onu da vurğulayıb ki, muğni musiqi aləti XIII əsrin görkəmli Azərbaycan musiqiçisi və nəzəriyyəçisi Səfiəddin Urməvi, əlvah aləti orta əsrlərin məşhur şairi, musiqiçi, bəstəkar və alimi Əbdülqadir Marağalının, kələnay (mehtər düdüyü) isə XIII əsrin dünyaşöhrətli alimi Nəsirəddin Tusinin icadıdır.
Tədbirdə Nizami Gəncəvi dövründən günümüzə gəlib çıxmış musiqi alətlərində müxtəlif xalq mahnıları və Azərbaycan bəstəkarlarının məşhur əsərləri ifa olunub.