Nohurlara balıq körpələrinin buraxılması əslində balıq ovunu artırmır
Bakı, 9 mart, AZƏRTAC
Tədqiqatlar göstərir ki, nohurlara balıq körpələrinin buraxılması balıqların populyasiyasını heç də artırmır, nəticə etibarilə balıq tutmanı da yaxşılaşdırmır.
Hər il bütün dünyada vəhşi təbiətin mühafizəsi üzrə agentliklər nohurlara milyonlarla balıq körpəsi atır. Onlar bunu iki məqsədlə edir: populyasiyanı dəstəkləmək və genişləndirmək, eləcə də balıqçılara balıq tutmağa fürsət yaratmaq.
Bu, tamamilə məntiqi görünə bilər - daha çox balıq əlavə elə, daha çox balıq əldə et. Lakin yeni tədqiqat sübut edir ki, hesabda bu, belə deyil.
AZƏRTAC xarici ölkələrin kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, alimlər nohurlara sadəcə böyük miqdarda balığın buraxılması ilə uzunmüddətli effektə nail olunmayacağı barədə qənaətə gəliblər. Eyni zamanda alimlər aşkarlayıblar ki, bu məsələni həll etmək üçün ətraf mühiti diqqət mərkəzində saxlamaq lazımdır.
Almaniyanın Leybnits adına Şirin Su İnstitutunun alimi Yohannes Radingerin sözlərinə görə, ehtimal ki, mərkəzi ekoloji proseslərin və yaşayış yerlərinin bərpası balıq növlərinin bərpasına və populyasiyasına daha güclü uzunmüddətli təsir göstərəcək. Tədqiqatçılar qeyd edirlər ki, onların yeni araşdırması təkcə balıqların süni şəkildə artırılmasını şübhə altına almır, həm də bu və digər növün yabanı şəraitdə sayının artmasına yönələn hər hansı potensial zərər barədə məsələni qaldırır.
Radinger həmkarları ilə tədqiqat zamanı hibrid yanaşma tətbiq ediblər. Onlar 20-dən çox nohurdan açıq səma altında laboratoriya kimi istifadə ediblər. Tədqiqat zamanı alimlər balıqların populyasiyasının yaxşılaşdırılması üzrə iki əsas - yaşayış yerini genişləndirmək və böyük sayda balıq əlavə etmək kimi yanaşmanın effektivliyini yoxlamaq qərarına gəliblər.
Tədqiqatçıların fikrincə, dayazsulu zonalar yaradılması balıqların populyasiyasının genişləndirilməsi üçün daha effektli üsuldur. Görünür, bu onunla bağlıdır ki, belə zonalar balıqlar üçün kürüləmə və balıq körpələri üçün yaşayış yerləri kimi cəlbedicidir və onlar burada yırtıcılardan gizlənə bilərlər. Statistika da bunu təsdiqləyir. Belə ki, ölçüsü 10 santimetrdən kiçik olan cavan fərdlərin göstəriciləri bu cür göllərdə 5 dəfədən çox yuxarı olub.
Alimlər, eyni zamanda ehtimal edirlər ki, balıqların sayının yaşayış mühiti və qida mənbələri baxımından məhdudlaşdırıldığı göllərdə böyük sayda yeni fərdlərin əlavə olunması yalnız güclü rəqabət yaradır.