“Northeastern University”: Alzheimer xəstəliyi demensiyanın səbəblərindən biri ola bilər
Bakı, 6 dekabr, AZƏRTAC
Boston Şimal-Şərq Universitetinin (ABŞ) biomühəndislik fakültəsinin professoru Nikolay Slavov Alzheimer xəstəliyinin neyrodegenerativ bir xəstəlik olduğunu, demensiyanın isə müxtəlif səbəblər nəticəsində yaranan simptomlar qrupunu təsvir edən bir termin olduğunu izah edib.
Bu barədə AZƏRTAC “Northeastern University”nə istinadla xəbər verir.
Demensiya əldə edilmiş bilik və bacarıqların itirilməsi və öyrənmə qabiliyyətinin azalması ilə müşayiət olunan bir insanda sinir fəaliyyətində pozuntuların mövcudluğunu xarakterizə edən ümumiləşdirilmiş bir addır. Bu anlayış ən çox yayılmış demensiya növü olan Alzheimer xəstəliyindən daha genişdir.
Alzheimer xəstəliyinin səbəbi beyində neyronların normal işləməsinə mane olan qabarıq düyünləri yarada bilən zəhərli beta — amiloid zülallarının yığılması hesab olunur. Bu, idrak qabiliyyətinin azalmasına, başqa sözlə, demensiyaya səbəb olur. Buna baxmayaraq, demensiya Alzheimer xəstəliyinin sinonimi deyil, bu anlayışa xas olan pozuntuların nəticəsidir.
Hantington və Parkinson kimi digər xəstəliklər yaddaş, məlumatları emal etmək və qavramaq, olduğu məkanı və yeri, məkanı tanımaq qabiliyyətinin itirilməsinə də səbəb ola bilər. Onlar beyində beta-amiloid zülallarının yığılması ilə müşayiət olunmur, lakin onlar neyrodegenerativdir. Neyronların quruluşunun və ya funksiyasının mütərəqqi itkisi onların ümumi xüsusiyyəti qismində çıxış edir.
Slavov belə qənaətə gəlib ki, neyrodegenerativ xəstəliklər demensiyanın inkişafına səbəb ola bilər, lakin o, yalnız Alzheimer xəstəliyinin nəticəsi olmaya bilər.