“Nyu-York Times” qəzetində dərc olunmuş qərəzli məqaləyə Azərbaycan diplomatının cavabı
Vaşinqton, 26 aprel, AZƏRTAC
“Nyu-York Times” qəzetində aprelin 19-da dərc olunmuş qərəzli məqaləyə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Samirə Səfərova elə həmin qəzetdə də cavab verib. Cavab məktubu “Nyu-York Times” qəzetinin Moskvadakı müxbiri Andryu Kramerin “Etnik münaqişə olan müharibə zonasında kosmopolit vahə inkişaf etməkdədir” başlıqlı qərəzli məqaləsi ilə əlaqədar ünvanlanıb.
Məktubda müəllifin etnik təmizləmə aparılmış ərazinin vahə (oazis) adlandırmasının mənəvi cəhətdən doğru olmadığı vurğulanır və eyni zamanda, doğma yurdlarına qayıtmağı hələ də gözləyən məcburi köçkünlərin mövcudluğu xatırladılır. Azərbaycan diplomatı bildirir ki, məqalədə öz ev-eşiyindən didərgin düşmüş yüz minlərlə azərbaycanlının acınacaqlı vəziyyətinin və Qarabağın Azərbaycan üçün əhəmiyyətinin əks etdirilməməsi yalnız təəssüf doğurur. Həmçinin qeyd edilir ki, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin keçmiş sovet məkanındakı oxşar ərazi münaqişələrindən fərqləndirilməsi məqsədilə xaricdəki erməni diasporunun fəaliyyətinə istinad olunur.
Sonda müəllifə Ermənistanda hökm sürən acınacaqlı iqtisadi və demoqrafik tənəzzül məsələlərinə daha yaxından diqqət yetirməsi tövsiyə edilir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton