Oğurluq etmiş şəxsin digər cinayətlərinin də üstü açılmışdır
Bakı, 6 iyun (AZƏRTAC). İyunun 4-də Qazax rayonunun Ağköynək kənd sakini Yeganə Bənnayevanın evindən pəncərədən girmək yolu ilə 230 manat pul və məişət əşyaları oğurlanmışdır.
Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş rayon sakini Rəhman Bukavadze saxlanılmışdır.
Cari il mayın 19-da Nərimanov rayonu ərazisində yaşayan Tahir Vəliyevə məxsus “VAZ-2107” markalı avtomobilin yük yerindən ehtiyat təkəri oğurlanmışdır.
Nərimanov Rayon Polis İdarəsi 16-cı bölmə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Məlikov tutulmuş, ondan 0,236 qram heroin götürülmüşdür. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin cari ilin martın 15-də, rayon ərazisində yaşayan Ruslan Həmidova məxsus “VAZ-2107” markalı avtomobildən maqnitofon oğurlaması da müəyyən edilmişdir.
İyunun 5-də köhnə pambıq zavodunun ərazisindən 2 ədəd dəmir çərçivə oğurlanmışdır. Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Elgün Allahverdiyev və Səxavət Əliyev tutulmuşlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır.