OĞUZDA 2005-Cİ İLİN YEKUNLARI GENİŞ MÜZAKİRƏ OLUNDU
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində təşkil edilmiş rayonda istehsal olunan müxtəlif növ məhsulların sərgisi ilə tanış olmuşlar.
Rayon icra hakimiyyətinin başçısı Kamil Rəhimovun 2005-ci ilin yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsində ötən il rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında baş verən müsbət dəyişikliklər, ayrı-ayrı sahələr üzrə qazanılmış uğurlar geniş təhlil edilmiş, yol verilmiş nöqsanlara toxunulmuş, problemlər və qarşıda duran vəzifələr barədə danışılmışdır. Natiq xüsusi qeyd etmişdir ki, oğuzlular hələ də Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il avqustun 18-də bu bölgəyə, eləcə də Oğuz rayonuna gerçəkləşdirdiyi səfərin zəngin təəssüratı ilə yaşayırlar. Oğuzun tarixində mühüm hadisəyə çevrilən bu səfər zamanı ölkə başçısının oğuzlularla keçirdiyi unudulmaz görüşləri, rayonun gələcək inkişafı üçün verdiyi dəyərli tövsiyələr sakinlərdə böyük sevinc və bayram əhval-ruhiyyəsi ilə yanaşı, onlarda dərin məsuliyyət hissi və yeni nailiyyətlər qazanmaq həvəsi də yaratmışdır.
Məruzədə 2005-ci ildə respublikamızın istər daxili və xarici siyasət, istərsə də iqtisadi sahədə böyük uğurlar qazandığını diqqətə çatdıran natiq müvafiq Dövlət Proqramlarının qəbul edilməsinin regionların sosial-iqtisadi inkişafına böyük təkan verdiyini xüsusi vurğulamışdır. Hesabat ilində rayonda kənd təsərrüfatı məhsullarının emalı üzrə yeni müəssisələrin yaradılması və inkişaf etdirilməsi ənənəvi sahələrin inkişafına müsbət təsir göstərmişdir. Ötən il rayonda yeni konserv zavodu istifadəyə verilmiş, fındıq emalı zavodunun fəaliyyəti daha da genişləndirilmiş, bu sahənin inkişafı üçün 50 hektar sahədə yeni bağlar salınmışdır.
Torpağın xüsusi mülkiyyətə verilməsinin, sahibkarlara edilən güzəştlərin, yaradılan əlverişli şəraitin nəticəsidir ki, 2005-ci ildə Oğuzda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illərə nisbətən xeyli artmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, Oğuz, Şamaxı və İsmayıllı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2005-ci il 25 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə, problemlərin həllinə nail olmaq məqsədi ilə yerli resurslar, özəl qurumların imkanları və digər amillər nəzərə alınmaqla rayonun sosial-iqtisadi inkişaf proqramı hazırlanmış və onun həyata keçirilməsinə ardıcıl nəzarət edilmişdir. Xaçmaz kəndinin su təminatını yaxşılaşdırmaq üçün 6,7 kilometr məsafədən yeni su xətti çəkilmiş, şəhər və kəndlərdə 949 metr məsafədə içməli su xətti yenisi ilə əvəz edimişdir.
Rayonun Baş-Daşağıl, Mollalı, Dəymədərə və Xal-xal kəndlərinə gedən yolun üzərində olan körpülər əsaslı təmir olunmuşdur. Oğuz şəhərində mehmanxana kompleksinin və idman kompleksinin tikintisi üçün ilkin hazırlıq işlərinə başlanılmışdır. Bundan əlavə, 2005-ci ildə rayonda 5 yeni məktəb binası, əlil və şəhid ailələri üçün 12 mənzilli yaşayış evi də tikilib istifadəyə verilmişdir.
İclasda ayrı-ayrı xidmət təşkilatları rəhbərlərinin hesabatları dinlənilmiş, yol verilmiş nöqsanların aradan qaldırılması və problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Hesabat iclasında Azərbaycan Prezidenti İcra Aparatının məsul işçisi Rəhim Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Milli Məclisin deputatı Eyvaz Qurbanov çıxış etmişlər.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.