OĞUZDA QURUCULUQ İŞLƏRİ BU İL DƏ ARDICIL DAVAM ETDİRİLƏCƏKDİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonun 2006-cı il üçün tədbirlər planına uyğun olaraq, bu il Oğuz şəhərinin içməli su təchizatını yaxşılaşdırmaq üçün 1700 metr uzunluğunda yeni su xəttinin çəkilişi, yeni su anbarının və su təmizləyici qurğunun tikintisi kənd əhalisinin içməli suya olan tələbatını ödəmək üçün Yaqublu, Top, Zərrab, Yenikənd, Şirvanlı, Qumlaq, Ərmənət və Bucaq kəndlərində yeni artezian quyularının qazılması nəzərdə tutulur. Bundan əlavə, Xalxal-Qışlaq kəndinin və əkin sahələrinin sel sularından etibarlı mühafizəsini təmin etmək məqsədilə bu il yeni beton bəndin tikintisinə də başlanılacaq, rayon mərkizini seldən mühafizə edən mövcud bəndlər isə əsaslı təmir olunacaqdır.
Tədbirlər planında, Oğuz şəhərinin Gənclik qəsəbəsinin, habelə Bucaq, Bayan və Padar kəndlərinin qazlaşdırılması, rayon ərazisində qaz sayğaclarının quraşdırılmasının başa çatdırılması, Qalaçay üzərindən Filfili kəndinə körpü salınması, yeni rabitə obyektlərinin tikintisi, rayon mərkəzində və Bucaq kəndində 360 və 260 yerlik yeni məktəblərin, şəhərdə mərkəzi xəstəxana üçün yeni binanın və idman kompleksinin, turizm obyektlərinin inşasına başlanılması da nəzərdə tutulmuşdur.