Oğuzda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Oğuzda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və rayon Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra YAP-ın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Yeni Azərbaycan Partiyası 30 il ərzində şərəfli və məsuliyyətli yol qət edib, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP zəngin və şərəfli inkişaf yolu keçib. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan YAP-ın möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.
Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı YAP-ın keçdiyi inkişaf yolundan, partiyanın ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsindən, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verməsindən, qazanılan parlaq Qələbədən ətraflı bəhs edib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxışında bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Tədbirdə partiya veteranı Azad Əliyev, Ərazi Partiya Təşkilat sədri Mehriban Abbasova, Qarabağ müharibəsinin iştirakçısı Ceyhun Səmədzadə və şəhid anası Aqibət İbrahimova çıxış ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri və II Qarabağ müharibəsi iştirakçılarına “Vətən müharibəsi iştirakçısı” medalları təqdim olunub.