OLİMPİYA ŞƏHƏRCİYİ BAKINI DÜNYANIN EKOLOJİ CƏHƏTDƏN ABAD VƏ TƏMİZ ŞƏHƏRLƏRDƏN BİRİNƏ ÇEVİRƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Bakının 2016-cı ilin Olimpiya oyunlarını keçirməsi məqsədi ilə sifariş kitabını hazırlayan Almaniyanın “AS&P - Albert Speer und Partner GmbH” şirkəti həyata keçirəcəyi layihələrlə bağlı “Excelsior” mehmanxanasında mətbuat konfransı keçirmişdir. Tədbirdə çıxış edən şirkətin nümayəndəsi Rudiger Kriqel bildirmişdir ki, Bibiheybət qəsəbəsində salınacaq Olimpiya parkı ilə yanaşı, paytaxt və ətraf ərazilərdə böyük infrastruktur layihələri, yeni nəqliyyat qovşaqları Bakının dünyada tanınmasına imkan verəcəkdir. Ən əsas diqqət isə Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşmasına yönəldiləcəkdir.
Bibiyheybətdə yerləşəcək Olimpiya kəndi 11 idman qurğusundan ibarət olacaqdır.
Bununla yanaşı, Olimpiya parkının inşasında Azərbaycanın milli ornamentlərinin əks olunmasına xüsusi diqqət yetiriləcəkdir. Bu ornamentlərdən landaşft dizaynında, meydan və küçələrin səkilərində, idman qurğularının fasad və damlarında istifadə olunacaqdır.
Layihəyə əsasən, bəzi idman qurğularının Əzizbəyov dairəsi yaxınlığında inşası qərara alınmışdır. Bu ərazidə Olimpiya standartlarına cavab verən su idmanı mərkəzinin və çoxfunksiyalı gimnastika kompleksinin inşası nəzərdə tutulmuşdur. 40 mərtəbəli mehmanxana binası bu Olimpiya obyektinin ərazəsində yerləşəcək və onun simvoluna çevriləcəkdir.
Bundan əlavə, aeroport yolu istiqamətində və Bibiheybətdə ippodromlar inşa olunacaqdır. Futbol stadionlarının isə AFFA-nın köməyi ilə Azərbaycanın bir neçə şəhərində inşası nəzərdə tutulmuşdur.
Gənclər və idman naziri Azad Rəhimov demişdir ki, əvvəlcə belə bir layihənin Hövsan qəsəbəsində salınması nəzərdə tutulsa da, sonradan ərazisi neft mədənləri ilə daha çox çirklənmiş Bibiyheybətdə inşası qərara alınmışdır. Olimpiya parkının və Əzizbəyov dairəsində inşa olunacaq kompleksin tikinti xərclərinin təxminən 630 milyon ABŞ dolları təşkil edəcəyi nəzərdə tutulmuşdur.
######
