Ölkə xaricində yaşayan 34 minə yaxın Azərbaycan vətəndaşı “Mobil notariat” tətbiqindən istifadə edib
Bakı, 2 dekabr, Günel Türksoy, AZƏRTAC
Bu ilin 11 ayı ərzində ölkə xaricində yaşayan 33 min 875 Azərbaycan Respublikası vətəndaşı “Mobil notariat” tətbiqinin təqdim etdiyi xidmətlərdən istifadə edib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin 779 nəfər Azərbaycanda müvəqqəti və ya daimi yaşayış icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tətbiqin imkanlarından yararlanıb.
Qeyd edilib ki, “Mobil notariat” tətbiqi notariat hərəkətlərinin rəqəmsal formada həyata keçirilməsi məqsədilə sənədlər üzrə əməliyyatların aparılması istiqamətində vətəndaşlar üçün sürətli imkanlar yaradır. Tətbiq vətəndaşlara etibarnamə, ərizə və digər sənədləri elektron qaydada rəsmiləşdirmək imkanı verir.
İstifadəçilər 24/7 rejimində fasiləsiz, həftə sonları və bayram günləri də daxil olmaqla “Mobil notariat” tətbiqinin təqdim etdiyi xidmətlərdən istifadə edə bilərlər. Həmçinin istifadəçilər platformada öz cari sənədlərinə nəzarət edə, onların statusu ilə bağlı əməliyyatlar apara və sənədlərin qüvvədən düşməsi ilə bağlı məlumatı dərhal əldə edə bilərlər.
“Mobil notariat” tətbiqi vasitəsilə hazırda 17 notariat xidməti elektron qaydada rəsmiləşdirilir. Bu xidmətlərə nəqliyyatdan istifadə və sərəncam etibarnaməsi, daşınmaz əmlaka sərəncam etibarnaməsi, vəkil etibarnaməsi, bank etibarnaməsi, vərəsəlik etibarnaməsi, qurumlarda təmsilçilik etibarnaməsi, dərmanların alınması üçün etibarnamələr, eləcə də azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi, azyaşlıya pasportun verilmə ərizəsi, daşınmaz əmlaka sərəncam ərizəsi, ərizədən imtina ərizəsi, yaşayış sahəsində qeydiyyata alınma ərizəsi, təhsil-tələbə krediti ərizəsi, kirayə müqaviləsi, etibarnaməyə xitam ərizəsi və sərbəst məzmunlu ərizələr daxildir.