Ölkədə ilk dəfə olaraq tullantıların çeşidlənməsi üçün Şuşa şəhərində yeraltı infrastruktur yaradılıb

Zəngilan, 27 fevral, G.Mahmudlu, S.Məcnun, Ş.Əzizov, AZƏRTAC
Vətən müharibəsində qazanılan Qələbədən sonra işğaldan azad olunan ərazilərdə ilk fəaliyyətə başlayan qurumlardan biri də “Təmiz Şəhər” ASC-dir. 2009-cu ildən Bakı şəhərində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsinə başlayan Cəmiyyət hazırda ölkə başçısının müvafiq Sərəncam və Fərmanına uyğun olaraq, işğaldan azad olunan ərazilərdə tullantıların idarə olunması işini həyata keçirir. Ötən müddət ərzində Cəmiyyətin həmin bölgəyə ezam olunan əməkdaşları və xüsusi texnikanın köməyi ilə ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji, texnoloji idarəetmə sisteminin yaradılması və poliqon yerlərinin seçilməsi sahəsində işlər görülüb. Tullantıların çeşidlənərək daşınması məqsədilə göy və yaşıl rəngdə xüsusi konteynerlər müəyyən olunub. Ölkədə ilk dəfə olaraq tullantıların dörd növdə - kağız, şüşə, metal-plastik və qarışıq çeşidlənməsi üçün Şuşa şəhərində yeraltı infrastruktur yaradılıb.
AZƏRTAC xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev jurnalistlərə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, tullantıların daşınması və zərərsizləşdirilməsinin lazımi səviyyədə həyata keçirilməsi məqsədilə 60 ədəd müxtəlif təyinatlı texnika alınaraq işğaldan azad olunmuş ərazilərə göndərilib. Hazırda “Böyük Qayıdış Proqramı” çərçivəsində “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında əhalinin məskunlaşmasına uyğun olaraq tullantıların düzgün idarə edilməsi sahəsində müasir ekoloji norma və prinsiplər əsasında infrastrukturun yaradılmasını davam etdirir. “Təmiz Şəhər”in həmin bölgədə fəaliyyəti əhalinin məşğulluq imkanlarının genişlənməsinə də şərait yaradıb. Hazırda öz doğma ev-eşiyinə qayıdan 27 sakin daxil olmaqla ümumilikdə 71 nəfər “Təmiz Şəhər” ASC-nin bölgədəki təsərrüfat sahələrində daimi olaraq işlə təmin edilib.