Ölkəmiz “Klinik mikrobiologiya və infeksion xəstəliklər üzrə 33-cü Avropa Konqresi”ndə təmsil olunub
Bakı, 18 aprel, AZƏRTAC
Danimarkanın paytaxtı Kopenhagendə “Klinik mikrobiologiya və infeksion xəstəliklər üzrə 33-cü Avropa Konqresi” keçirilib. Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Cəmiyyəti (ECCMID) tərəfindən təşkil edilən konqresdə dünyanın müxtəlif ölkələrindən 3 minə yaxın nümayəndə iştirak edib.
AZƏRTAC Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) istinadla bildirir ki, mərkəzin səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) birgə dəstəklədiyi Azərbaycanda səhiyyə işçiləri arasında COVID-19 və qripə qarşı vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi tədqiqatının müəllifi və koordinator köməkçisi Nabil Seyidov konfransda iştirak edib. O, ölkəmizdə keçirilən tədqiqatın nəticələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, tədqiqat həm COVID-19, həm də qripə qarşı daha mükəmməl ictimai səhiyyə və antiepidemik tədbirlərin formalaşdırılması və həyata keçirilməsinə imkan verir və bu, indiki dövrdə və gələcəkdə qərarların qəbulunun elmi sübutlara dayanıqlı olmasını təmin edən əsas amillərdən biridir.
Konqres çərçivəsində uğurlu təcrübələr bölüşülüb, səmərəli təkliflər irəli sürülüb və fikir mübadiləsi aparılıb.