Ölkəmizdəki sabitlik, milli birlik və həmrəylik qarşıya qoyulan strateji hədəflər üçün zəmin yaradır
Gədəbəy, 20 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı nitqi yeni dövrün tələblərinə cavab verən strateji yol xəritəsidir. Ərazi bütövlüyümüzün tam bərpasından sonra dövlət başçısı tərəfindən müəyyənləşdirilən prioritetlər ideoloji təhlükəsizliyin gücləndirilməsinə, sosial rifahın artırılmasına və dayanıqlı inkişafa hədəflənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Gədəbəy rayonunda Prezident, YAP-ın Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirədə səsləndirilib.
Müşavirədə rayon icra hakimiyyətinin başçısı, YAP Gədəbəy rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər. Müşavirə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev bildirib ki, dövlət başçısının Qurultaydakı nitqi yeni dövrün tələblərinə cavab verən strateji yol xəritəsidir: “Tarixi Zəfərlə suverenliyini təmin edən ölkəmiz üçün dövlət başçısının müəyyən etdiyi yeni yol xəritəsi ideoloji təhlükəsizliyin qorunmasını, sosial rifahın gücləndirilməsini və dayanıqlı inkişafı əsas məqsəd kimi qarşıya qoyur”.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Qurultayın ölkənin ictimai-siyasi həyatında mühüm yer tutan hadisələrdən biri olduğunu, partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. “YAP-ın yaradılması Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, ölkənin gələcək inkişafının siyasi əsaslarının formalaşmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin Qurultaydakı çıxışında partiyamızın keçdiyi tarixi yol və qarşıdakı vəzifələr barədə mühüm mesajlar səsləndirildi”, - deyə o bildirib.
Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov YAP-ın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni reallıqlar şəraitində keçirilməsinin onun mühüm məqamlarından biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizdəki sabitlik, milli birlik və həmrəylik qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması üçün möhkəm zəmin yaradır.
Şəhid Şöhrət Qasımovun atası Şakir Qasımov bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlərin əsasını təşkil edir. O əlavə edib: “Şanlı Qələbəmizdən sonra Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Azad olunan torpaqlarımızda geniş bərpa və quruculuq işləri aparılır, insanlar doğma yurdlarına qovuşurlar. Şəhid ailələrinə və qazilərə göstərilən xüsusi diqqət və qayğı da dövlətimizin öz vətəndaşına verdiyi ali dəyərin aydın təzahürüdür”.
Gədəbəy şəhəri İslam Əliyev adına 3 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Pərvanə Zeynalzadə, Zəhmətkənd kənd tam orta ümumtəhsil məktəbinin tərbiyə işləri üzrə təşkilatçısı Murad Bayramov da Qurultayın əhəmiyyətindən, ölkənin inkişaf strategiyasından və müəyyənləşdirilmiş prioritet istiqamətlərin önəmindən bəhs ediblər.
Müxbir – Vüsalə Cənnətova