Ölkəmizə səyahət edən astronavtlar tələbə və məktəblilərlə çoxsaylı görüşlər keçirir
Bakı, 4 oktyabr, AZƏRTAC
74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Beynəlxalq Astronavtika Federasiyası və Kosmik Kəşfiyyatçılar Assosiasiyası ilə Azərbaycanın Kosmik Agentliyi - “Azərkosmos”un birgə təşkil etdiyi xüsusi proqram çərçivəsində ölkəmizə səyahət edən astronavtlar tələbə və məktəblilərlə çoxsaylı görüşlər keçirir.
AZƏRTAC xəbər verir ki, astronavtlar Milli Aviasiya Akademiyası və Azərbaycan Tibb Universitetinin yüzlərlə tələbəsi ilə görüşlər keçirərək onların suallarını cavablandırıb. Qonaqlar, həmçinin “STEAM Azerbaijan” İnnovasiya Mərkəzində məktəbli uşaqlarla görüşərək onlara öz təcrübələri haqqında maraqlı məlumatlar veriblər.