CƏMİYYƏT
Ombudsman: Autizmli insanların həyatımızın ayrılmaz bir hissəsinə çevrilməsini təmin etməliyik
![Ombudsman: Autizmli insanların həyatımızın ayrılmaz bir hissəsinə çevrilməsini təmin etməliyik](/files/2023/1/1200x630/16785261221953213986_1200x630.jpg)
Bakı, 11 mart, Göyçək Mahmudlu, AZƏRTAC
Müxtəlif səbəblərdən əlilliyi müəyyən edilmiş şəxslər cəmiyyətin tamhüquqlu üzvü, ayrılmaz tərkib hissəsidir. Bu baxımdan heç bir ayrı-seçkiliyə yol vermədən onların hüquq və azadlıqlarının təmin edilməsi, ictimai həyatın bütün sahələrində həmin vətəndaşlar üçün bərabər imkanların yaradılması hər bir dövlətin inkişaf göstəricilərindən biri kimi qəbul edilir. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması onların sosial müdafiəsi və reabilitasiyası ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqamətləri sırasına daxildir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva "Fərqli Fərdlər" konqresində çıxışı zamanı deyib.
"XXI əsrin ən qlobal problemlərindən hesab edilən autizm spektr pozuntusu ilə bağlı aparılan tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1 faizi autizmdən əziyyət çəkir. BMT-nin 2007-ci ildə qəbul olunan qərarı ilə təsis olunan 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü bütün dünyada olduğu kimi ölkəmizdə də geniş miqyasda qeyd edilir.
BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyasına və 2030-cu ilə qədər dayanıqlı inkişaf sahəsində gündəminə əsasən həmin kateqoriyaya daxil olan şəxslər kimi autizmli insanların da ictimai həyatda və cəmiyyətdə tam hüquqlu iştirakı dəstəklənir. Azərbaycanda autizmli insanların həlli vacib olan bir sıra problemlərinin aradan qaldırılması üçün autizm sprektr pozuntusu olan şəxslərə dövlət qayğısı haqqında qanununun qəbul edilməsi və onun icrasının səmərəli təmini məqsədilə müvafiq dövlət proqramının hazırlanaraq təsdiq edilməsi məqsədəuyğundur. Biz əlilliyi olan şəxslərin, o cümlədən autizmli insanların həyatımızın ayrılmaz bir hissəsinə çevrilməsini təmin etməliyik", - deyə S.Əliyeva qeyd edib.