OMBUDSMAN BEYNƏLXALQ TƏŞKİLATLARIN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, E.Süleymanova ölkəmizin qəbul etdiyi bir sıra qanunlarda istehlakçıların hüquqlarının qorunması ilə bağlı məsələlərin öz əksini tapdığını bildirmişdir. Müvəkkil bu normativ aktlarda təsbit olunmuş müddəaların həyata keçirilməsi istiqamətində konkret və səmərəli fəaliyyət göstərilməsinin vacibliyini qeyd etmişdir.
D.Makfadden təmsil etdiyi təşkilatın əsas fəaliyyət istiqamətləri, vəzifələri barədə məlumat vermiş, 20-dən çox beynəlxalq təşkilatla işbirliyi qurulduğunu söyləmişdir. O, Yaxın Şərq ölkələri üzrə istehlakçıların hüquqları sahəsində beynəlxalq münaqişələrin aradan qaldırılması məsələləri ilə məşğul olunduğunu, inkişaf etməkdə olan ölkələrdə istehlakçı birlikləri ilə idxal edilən ərzaq məhsullarının çeşidinin yoxlanılması üzrə müştərək layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Y.Volf təmsil etdiyi təşkilatın və ölkəmizdə fəaliyyət göstərən Azad İstehlakçılar Birliyinin Avropa Komissiyasının dəstəyi ilə, bu ilin yanvarından başlayaraq birgə layihə həyata keçirdiyini açıqlamışdır.
Ombudsman birgə əməkdaşlığa hazır olduğunu və səlahiyyətləri daxilində yardımçı olacağını söyləmişdir.