OPEC+ ölkələri hasilatın azaldılmasını iyunun sonuna qədər uzatmaq barədə razılaşıblar
Bakı, 4 mart, AZƏRTAC
Bir sıra OPEC+ ölkələri neft hasilatının könüllü olaraq azaldılmasını iyunun sonuna qədər uzatmaq barədə razılaşıblar.
Bu barədə AZƏRTAC xarici mediaya istinadla xəbər verir.
Belə ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun OPEC+ kimi tanınan müttəfiqləri tərəfindən elan edilən əlavə könüllü ixtisarlar aşağıdakı həcmdə olacaq: Səudiyyə Ərəbistanı sutkada 1 milyon barel, Birləşmiş Ərəb Əmirlikləri 163 min barel, Küveyt 135 min barel, Qazaxıstan 82 min barel, Əlcəzair 51 min barel və Oman 45 min barel.
Bundan əlavə, Rusiya ikinci rübdə neft hasilatı və ixracı üç ay ərzində orta hesabla sutkada 471 min barel azaldacağını açıqlayıb.
OPEC+ ölkələrinin elan etdiyi uzadılmış könüllü olaraq ixtisarların həcmi 2,17 milyon bareldir.
Qeyd edək ki, ötən ilin noyabrın 30-da OPEC+ ölkələrinin iclasından sonra alyans ölkələri 2024-cü ilin birinci rübündə neft hasilatını könüllü olaraq sutkada cəmi 2,2 milyon barel həcmində azaltmağa razılaşıblar.