Operator, işıqçı və montajçı peşələrinin öyrədildiyi mərkəz - REPORTAJ
Bakı, 25 iyun, Aysel Azad, AZƏRTAC
Televiziya mühitində işin ağır tərəfini üzərinə götürən operator, işıqçı, montajçı və digər kamera arxasında dayanan heyətdir. Təqdim olunan materialın keyfiyyəti onu hazırlayan heyətin peşəkarlığından xəbər verir.
AZƏRTAC-ın əməkdaşı həmin peşələrin öyrədildiyi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.
Media və audiovizual texnologiyaların istismarı ixtisasında doqquz və onbirillik təhsildən gələn tələbələr təhsil alır.
İxtisasın müəllimi Anar Şahbazovun sözlərinə görə, bu peşə yüksək peşə təhsili sisteminə uyğun olduğu üçün məzunlara subbakalavr diplomu verilir: “Burada əsasən səs, işıq, videomontaj, foto ixtisasları öyrədilir. Praktiki dərslərimiz üstünlük təşkil edir. Artıq birinci kursdan tələbələrimiz televiziya kanallarında dərslərdə iştirak edirlər. Tələbə qəbulunda yaş məhdudiyyəti yoxdur. Hazırda 15 yaşdan 30 yaşadək tələbələrimiz var”.
Media və audiovizual texnologiyaların istismarı ixtisası digərlərindən fərqli olaraq universaldır. Belə ki, burada hansı sahə üzrə ixtisaslaşacağını tələbə özü seçir. Onlar özlərini inkişafda gördükləri səs, işıq, videomontaj, foto kimi sahələrdən birini seçərək təhsillərini o istiqamətdə davam etdirirlər. Elə buna görə də, birinci kursun ikinci yarım ilindən etibarən tələbələr sərbəst şəkildə fəaliyyət göstərirlər.
Birinci kurs tələbəsi Əli Hüseynov artıq texniki avadanlıqlarla sərbəst işləməyi bacarır. O, özünü operator və montaj sahəsinə uyğun gördüyünü deyir.
Gülnarə Nəsibova isə aparıcı olmağa maraqlı olduğunu söyləyir.
Qeyd edək ki, media və audiovizual texnologiyaların istismarı ixtisası 2021-ci ildən bəri Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədris olunur.