ORACLE ADVISORY GROUP Azərbaycanda prezident seçkilərində “exit-poll” keçirəcək
Bakı, 26 yanvar, AZƏRTAC
Mərkəzi Seçki Komissiyası fevralın 7-də keçiriləcək prezident seçkilərində “exit-poll” keçirmək üçün Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə ABŞ-ın ORACLE ADVISORY GROUP təşkilatının “exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar verib.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov komissiyanın yanvarın 26-da keçirilən iclasında deyib.
ABŞ-ın ORACLE ADVISORY GROUP təşkilatının seçki prosesində səsverməni izləmək üçün kifayət qədər təcrübəyə malik olduğunu diqqətə çatdıran R.Qasımov bildirib ki, təşkilatlar tərəfindən təqdim olunan sənədlər qanunvericiliyə tam cavab verir.
O qeyd edib ki, təşkilat Azərbaycanın 40 bölgəsində 500 məntəqədə “exit-poll” keçirəcək.
“Hər məntəqəyə 2 “exit poll” aparan cəlb ediləcək. Cəlb olunacaq şəxslərin əksəriyyəti tələbələrdir. Gənclərin bu prosesə cəlb edilməsi təcrübə üçün mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda “exit-poll” üçün nəzərdə tutulan yerlər 26 məntəqə arasından seçilib. Bunlar, Ağdam, Füzuli, Xankəndi, Zəngilan və digər əraziləri əhatə edir”, - deyə Rövzət Qasımov diqqətə çatdırıb.