ORDUBADDA AKADEMİK YUSİF MƏMMƏDƏLİYEVİN EV-MUZEYİNİN AÇILIŞI OLMUŞ, YUBİLEY KONFRANSI KEÇİRİLMİŞDİR
Yenidən qurulmuş ikimərtəbəli binada yerləşən muzeyin otaqlarında 1400-dən çox eksponat nümayiş etdirilir.
Ev-muzeyinin açılış mərasimindən sonra Ordubad Rayon İcra Hakimiyyətində yubiley konfransı keçirilmişdir. Konfransda AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli, Sevda Məmmədəliyeva çıxış etmişlər.
Ali Məclisin sədri Vasif Talıbov konfransda demişdir ki, Yusif Məmmədəliyevin 100 illik yubileyinin YUNESKO-nun təqviminə daxil edilməsi onun fəaliyyətinə dünya elmi ictimaiyyəti tərəfindən verilən ən yüksək qiymətdir. Prezident İlham Əliyevin akademik “Yusif Məmmədəliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı dünya şöhrətli alimin xatirəsinə göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Ötən ilin sentyabrında Parisdə, YUNESKO-nun iqamətgahında Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva çıxış etmişdir.
Konfransın sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış və akademik Yusif Məmmədəliyevin ömür yolundan, elmi fəaliyyətindən bəhs edən “Zamanın zirvəsi” sənədli filmi göstərilmişdir.