DÜNYA
Oskar Uayldın cəza çəkdiyi həbsxana 7 milyon funt-sterlinqə satılıb
Bakı, 16 yanvar, AZƏRTAC
İngilis küçə rəssamı Benksinin divarlarını rənglərlə bəzədiyi, orta əsr krallarını “qəbul etmiş” və Oskar Uayldın məhbəs həyatı yaşadığı “Redinq” həbsxanası onilliklər ərzində qapalı olub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Ədliyyə Nazirliyi tərəfindən fəaliyyətinə son verilən bu həbsxana bu günlərdə 7 milyon funt-sterlinq qarşılığında bir qeyri-kommersiya təhsil fonduna satılıb. “Ziran” adlanan fond və onun şəhərin mərkəzindəki bu ərazi ilə bağlı planları barədə çox az məlumat var. Onun təsisçisi və direktoru İrlandiyada yaşayan çinli Çenninq Bi adlı şəxsdir.
Ədliyyə Nazirliyi bildirib ki, orta əsrlərdə monastır ərazisində tikilmiş keçmiş həbsxanada ictimaiyyət üçün tam açıq olacaq təhsil mərkəzi, o cümlədən onun tarixindən bəhs edən muzey, sərgi məkanının yaradılması nəzərdə tutulurdu. 2021-ci ildə rəssam Benksi də binanın yaradıcılıq məqsədləri üçün istifadəsini, bu məqsədlə hərrac keçirilməsini təklif etmişdi. Şəhər Şurası çinli alıcının da “Redinq” həbsxanasının tarixi əhəmiyyətini başa düşməsindən məmnun olduğunu bildirib. Bununla belə, ərazidəki orta əsrlər monastırının xarabalıqları və İngiltərə Kralı I Henrinin dəfn olunduğu məkanın qorunub saxlanması vacib məsələdir.
Hökumət bu ərazini əvvəlcə yaşayış binalarının tikintisi məqsədilə satışa çıxarmaq istəyib, amma 2019-cu ildə potensial alıcı bundan imtina edib. Qədim abidələr siyahısına daxil edilmiş həbsxananın yerində yeni binaların tikintisinə icazə alınması da problemli məsələdir.
Həbsxana binasını satın alan təhsil fondu isə gələcək planları ilə bağlı konkret fikir bildirməyib.