Ötən il Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 6 faizədək artıb
Bakı, 8 aprel, AZƏRTAC
Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlil göstərir ki, son 5 ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi sürətlə artır.
AZƏRTAC Media Təhlil Mərkəzinin hazırladığı məlumata istinadən xəbər verir ki, ümumilikdə son 5 ildə Azərbaycan iqtisadiyyatına 29,3 milyard dollar (29 milyard 303 milyon 112 min 477 dollar) birbaşa xarici investisiya cəlb olunub.
Rəsmi rəqəmlərə əsasən, son 5 ilin ən yüksək göstəricisi 2024-cü ildə qeydə alınıb. Daha dəqiq desək, 2024-cü ildə ölkə iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyanın həcmi 7,05 milyard dollar (7 milyard 46 milyon 217 min 257 dollar) təşkil edib. Bu da əvvəlki ilə nisbətən 5,8 faiz və ya 0,39 milyard dollar (388 milyon 149 min 253 dollar) daha çox deməkdir. 2023-cü ildə isə bu məbləğ 6,66 milyard dollara (6 milyard 658 milyon 68 min 3 dollar) bərabər olub.

Son 5 ilin hər birində ölkəmizə ən çox birbaşa investisiya yönəldən ölkə Birləşmiş Krallıq olub. Qeyd edək ki, 2020-2024-cü illərdə Birləşmiş Krallıqdan ölkə iqtisadiyyatına 8 milyard 633 milyon 344 min 791 dollar (8,63 milyard dollar) birbaşa xarici investisiya cəlb olunub. İkinci sıranı 5 milyard 26 milyon 799 min 828 dollar (5,03 milyard dollar) ilə Türkiyə tutub. Üçüncü sırada isə digər türk dövləti olan Kipr yer alıb. Son 5 ildə Kiprdən ölkəmizə 2 milyard 909 milyon 175 min 95 dollar (2,91 milyard dollar) həcmində birbaşa xarici investisiya cəlb olunub. Ümumilikdə son 5 ildə Azərbaycan iqtisadiyyatına 29,3 milyard dollar (29 milyard 303 milyon 112 min 477 dollar) birbaşa xarici investisiya cəlb olunub ki, bu məbləğin 88,3 faizi cədvəldə də göründüyü kimi 10 ölkənin payına düşür.

Ötən ilin göstəricilərinə gəldikdə isə, 2024-cü ildə Krallıq ölkəmizə 1 milyard 748 milyon 821 min 566 dollar (1,75 milyard dollar) investisiya yatırıb ki, bu da həmin ildə cəlb olunan bütün birbaşa xarici investisiyaların 24,8 faizini təşkil edib.
Ötən il 1 milyard 219 milyon 14 min 750 dollar (1,22 milyard dollar) həcmində birbaşa investisiya ilə qardaş ölkə Türkiyə ikinci sırada yer alıb. 2024-cü ildə Türkiyənin Azərbaycan iqtisadiyyatına yönləndirdiyi birbaşa investisiyanın həcmi ümumi birbaşa xarici investisiya həcminin 17,3 faizini təşkil edib.
Macarıstan 2024-cü ildə Azərbaycan iqtisadiyyatına 1 milyard 18 milyon 647 min 576 dollar (1,02 milyard dollar) birbaşa investisiya yönəltməklə üçüncü olub. Xatırladaq ki, Macarıstandan ölkəmizə yönləndirilən ən böyük birbaşa investisiya 2023-cü ildə 197 milyon 451 min 991 dollar (197,5 milyon dollar) həcmində olub.
2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların əsas hissəsi – 90,2 faizi son 5 ilin göstəricilərində qeyd olunan 10 ölkənin payına düşüb. Bu ölkələrin Azərbaycana yönləndirdiyi birbaşa investisiyanın həcmi 6 milyard 357 milyon 273 min 92 dollar (6,36 milyard dollar) təşkil edib.

Azərbaycan Respublikasının Mərkəzi Bankının və Gürcüstan Dövlət Statistika Komitələrinin rəsmi məlumatlarına əsasən, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi Gürcüstanla müqayisədə çox olub.
Ötən il Azərbaycana yönəldilən birbaşa xarici investisiyaların həcmi 2023-cü ilə nisbətən artsa da, qonşu ölkədə kəskin azalma qeydə alınıb.
Rəqəmlərlə ifadə etsək, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 2023-cü ilə nisbətən 5,8 faiz artaraq 7,05 milyard dollar (7 milyard 46 milyon 217 min 257 dollar), Gürcüstanda isə 30 faiz azalaraq 1,33 milyard dollar (1 milyard 333 milyon 818 min 169 dollar) təşkil edib.
Əlavə məlumat üçün bildirək ki, 2024-cü ildə hər iki ölkəyə ən çox birbaşa investisiya yönləndirən ölkə Birləşmiş Krallıq olub. Faiz etibarilə Azərbaycan iqtisadiyyatına yönləndirilən birbaşa investisiyaların 24,8 faizi, Gürcüstan iqtisadiyyatına yönləndirilən birbaşa investisiyaların isə 33,6 faizi bu ölkə tərəfindən ayrılıb.