ÖTƏN İL AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI VƏ EMALI REKORD HƏCMƏ ÇATMIŞDIR
Ümummilli liderimiz Heydər Əliyevin kənd təsərrüfatının inkişafına diqqət və qayğı ilə yanaşdığını diqqətə çarpdıran nazir bildirmişdir ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, hesabat dövründə ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalının həcmi rekord həddə çatmışdır. Ötən il aqrar sahədə istehsal məhsullarının həcmində 7,5 faiz artım müşahidə olunmuşdur. Cari ildə artımın daha çox olacağı proqnozlaşdırılır.
Aqrar sahənin inkişafına dair Prezidentin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin ötən il uğurla həyata keçirildiyini bildirən natiq görülən tədbirlər nəticəsində gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalında və emalında sürətli yüksəliş üçün geniş imkanlar yarandığını diqqətə çatdırmışdır. Ötən il 20 milyon manatlıq (AZN) kənd təsərrüfatı texnikası ucuz qiymətə fermerlərə və sahibkarlara icarəyə verilmişdir. Bundan əlavə, sovetlər birliyinin süqutundan sonra ötən ilə ölkəmizə ilk dəfə olaraq gübrə və digər tərkiblərin gətirilməsi üçün dövlət tərəfindən vəsait yönəldilmişdir.
İ.Abasov son vaxtlar dünya ictimaiyyəti tərəfindən narahatlıqla izlənilən quş qiripi virusunun Azərbaycanda yayılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlər görüldüyünü bildirmişdir. İndiyədək ölkəmizdə H5N1 virusunun aşkarlandığı yerlərdə 450-500 min müxtəlif növ ev quşu məhv edilmişdir. Virus aşkarlanan ərazilərdə 3 kilometr radiusda karantin elan olunmuş, əraziyə giriş-çıxış məhdudlaşdırılmış, dezinfeksiya işləri aparılmışdır. Artıq ölkəmizdə Almaniya istehsalı olan avadanlıqla H5N1 virusunu aşkarlamaq mümkündür. Azərbaycan bu məsələdə qonşu ölkələrə də kömək etməyə hazırdır.
Ölkəmizdə baytarlıq işlərini gücləndirmək, yeni iş yerləri və emal müəssisələri yaratmaq, fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq və digər məsələlər barədə məlumat verən nazir jurnalistlərin suallarını cavablandırmışdır.